Ekspert: Türkiyə və Azərbaycan prezidentlərinin diplomatiyası diaspora bütöv yanaşmanın əsaslarını formalaşdırır
Ankara, 29 noyabr, AZƏRTAC
Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin liderliyi və diplomatiyası diaspora bütöv intellektual və mənəvi yanaşmaların əsaslarını formalaşdırır. “Bir millət, iki dövlət” ifadəsi diaspor siyasətinin irəlilədilməsində yalnız güclü motivasiya deyil, eyni zamanda, xaricdəki soydaşların fəaliyyət istiqamətinə dair səylərin ideoloji çərçivələrini müəyyənləşdirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Star” qəzetinin səhifələrində Ankara Hacı Bayram Vəli Universitetinin dosenti Levent Ersin Oralı söyləyib.
Şənbə günü dərc olunan “Türk dünyasında vəhdət və diaspor siyasətləri” sərlövhəli məqaləsində L.E.Oralı Türk dünyasının maraqlarının irəlilədilməsində diasporun strateji roluna diqqət çəkib. “Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin diaspor fəaliyyətlərinin bir-birini tamamlaması heç də təsadüfi deyil. Xaricdə yaşayan etnik türklər ümumi kimliyin bir hissəsidir ki, bu da onları transmilli aktora, yumşaq güc faktoruna çevirir”, – deyə türkiyəli ekspert yazır və Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (YTB) ilə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi arasında sıx əməkdaşlığı nümunə göstərir.
L.E.Oralı Türkiyə və Azərbaycanın diaspor təşkilatlarının gənclər proqramları, mədəni tədbirləri və birgə layihələrinə diqqət çəkərək bunun “türk kimliyi ideyasının təşviqinə hərtərəfli töhfə verdiyini” bildirib.

Müəllif diaspor sahəsində əməkdaşlığın inkişafı üçün Türk Dövlətləri Təşkilatının platformasından istifadə edilməsinin əhəmiyyətini də vurğulayıb. “Müasir mərhələdə türk diasporu beynəlxalq münasibətlər sistemində Türk dünyasının maraqlarının gerçəkləşdirilməsinə töhfə verən strateji əhəmiyyətli aktordur”, – deyə o qeyd edib.
Hacı Bayram Vəli Universitetinin müəllimi vurğulayıb ki, Türkiyə və Azərbaycanın koordinasiyalı siyasəti diaspor konsepsiyasını klassik xarici siyasət çərçivəsindən çıxararaq onu mənəvi, mədəni və siyasi inteqrasiya sahəsinə çevirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara