Ekspert: Xarici ölkədə təhsil almaq istəyənlər diqqətli olmalıdır
Bakı, 16 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycanın ali təhsil müəssisələrinə qəbul prosesi ilə bağlı imtahanlar yekunlaşmaq üzrədir. İmtahanlarda müvafiq bal toplayaraq müsabiqə şərtlərini ödəyən abituriyentlərin avqust ayında ixtisas seçiminə başlanılacağı gözlənilir. Ali təhsil arzusunda olan, lakin müsabiqə şərtlərini ödəyə bilməyən abituriyentlər və valideynləri çıxış yolu olaraq xarici ölkə universitetlərinə üz tuturlar. Təəssüf ki, xarici ali təhsil müəssisələrinə müraciət edən valideynlər bəzi amilləri diqqətdən qaçıraraq, yaxud da aldanaraq övladlarını diplomları Azərbaycanda tanınmayan universitetlərə göndərirlər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində ixtisas seçimi və karyera məsələləri üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev söyləyib. Onun sözlərinə görə, xarici universitetlərə övladlarını göndərən valideynlər bir sıra nüanslara xüsusi diqqət etməli və buna müvafiq olaraq seçim etməlidirlər: “Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na aid ölkələrin və ali təhsil müəssisələrinin siyahısı dərc edilib. Dövlət Proqramı vasitəsilə qəbul ola bilməyən abituriyentlərin öz maliyyə vəsaiti hesabına həmin siyahıda olan ölkə universitetlərinə müraciət etmələri tövsiyə olunur. Bununla yanaşı, hökumətlərarası təqaüd proqramında Azərbaycan ilə digər xarici ölkələrin əməkdaşlıq etdiyi ali təhsil ocaqlarına müraciət edə bilərlər. Həmçinin Azərbaycan universitetlərinin ikili diplom proqramları çərçivəsində əməkdaşlıq etdiyi xarici ali təhsil müəssisələrinə öz şəxsi vəsaiti hesabına müraciət etdikdə diplomların tanınmasında problem yaşanmayacaq. Amma ölkə qanunvericiliyinin tələblərinə uyğun olmayan, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) şərtlərinə və qaydalarına zidd olan xarici təhsil müəssisələrini bitirən şəxslərin diplomlarının tanınmasında ciddi problemlər meydana çıxır və onların diplomları təsdiq edilmir. Məsələn, təhsil dövründə həmin ölkədə tələbənin qeyd olunan müddətdə təhsil alması üçün giriş-çıxışları uyğun gəlmədikdə, Azərbaycan təhsil sisteminə və təhsil formasına uyğunluğu olmadıqda, distant formatda alınan təhsil forması kimi nüanslar diplomların tanınmasında ciddi problemlər yaradır”.
Ramin Nurəliyev diqqətə çatdırıb ki, xarici universitetlərdə distant təhsil alan tələbələr diplomlarının tanınmasında ciddi problemlərlə qarşılaşacaqlarını bilməlidirlər: “Müharibədən sonra Ukrayna universitetlərində distant formada təhsil alanların diplomlarının tanınmasında çətinliklər müşahidə olunur.
Həmçinin pedaqoji ixtisaslar üzrə qiyabi təhsil forması Azərbaycan təhsil sistemində olmadığı üçün xarici ölkə universitetlərindən pedaqoji ixtisaslar üzrə qiyabi təhsil forması üzrə təhsil alanların diplomu tanınmır. Lisenziyası olmayan xarici ölkə universitetlərinin diplomu tanınmır.
Qısa olaraq qeyd edək ki, hər bir vətəndaş TKTA tərəfindən qeyd olunan tələblərə uyğun olaraq əyani formada xarici ölkə universitetlərində təhsil aldıqları müddət ərəfəsində həmin ölkədə olduqlarını bəyan etməli, qiyabi təhsil forması olaraq müvafiq tarixlərdə həmin ölkəyə giriş-çıxışı olmalı, ixtisasını və tədris dilini qeyd olunan dərəcədə bilməlidir.
Valideynlərə və abituriyentlərə tövsiyə olunur ki, xarici ölkə universitetlərində təhsil almağı düşündükdə, ilk növbədə, həmin universitetlər barədə Elm və Təhsil Nazirliyi, eləcə də TKTA-ya müraciət edərək müəyyən məlumatları dəqiqləşdirsinlər”.