CƏMİYYƏT
Ekspertlər iqlim dəyişikliklərinin nəticələrinə uyğunlaşmaq üzrə tədbirlər görməyə çağırıblar
Bakı, 16 avqust, AZƏRTAC
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) aviasiya sənayesini iqlim dəyişikliklərinin nəticələrinə uyğunlaşmaq üzrə tədbirlər görməyə, habelə planetdə qlobal istiləşməyə səbəb olan istixana qazları tullantılarının azaldılmasına nail olmağa çağırıb.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, ICAO-nun ekspertləri iqlim dəyişikliklərinin uçuş üçün əlverişsiz hava şəraitinə, təyyarənin havaya qalxmasında və enməsində problemə, mühərrikin işləməsinə təhlükə olan qum qasırğasına, dəniz səviyyəsinin yüksəlməsinə və bununla da bir çox aeroportları su basmasına səbəb olması barədə xəbərdarlıq ediblər. Təkcə Norveçdə 46 aeroportdan 20-si su altında qalmaq təhlükəsi qarşısındadır.
Bu cür vəziyyətin qarşısının alınması aviasiya sənayesinin öz əlindədir. Alimlər müəyyən ediblər ki, qlobal istiləşmənin əsas səbəbi atmosferə buraxılan istixana qazlarının artmasındadır. Son illərdə aviasiya sahəsində istixana qazlarının emissiyası yüksək templə artır. Yaxın on ildə aviasiya uçuşlarının sayı illik beş faiz çoxalacaq. Bu, ətraf mühitə hava daşımalarının pis təsirinin azaldılmasına yönələn innovativ həllər tələb edir.
Son illər ICAO-da hava hərəkətinin təkmilləşdirilməsinin təşkili üzrə standartlar, prinsiplər və təlimatlar hazırlanıb. Hazırda aeronaviqasiya sahəsində uçuşları birbaşa marşrut üzrə həyata keçirməyə imkan verən peyk texnologiyaları tətbiq edilir ki, nəticədə sərf edilmiş yanacağın miqdarı, eləcə də atmosferin çirklənməsi azalır. Artıq aeroportların çoxu bərpa olunan enerji mənbələrindən istifadə edilməsinə fəal keçirlər. Yaxın Şərq, Mərkəzi və Cənubi Amerikanın aeroportlarında isə son illər uçuş saatı sutkanın daha sərin vaxtına təyin olunur.
Bu ilin fevral ayında ICAO yeni standart tələblər təklif edib ki, bu, istixana qazlarının emissiyasını məhdudlaşdıracaq, bütün kommersiya və şəxsi təyyarələrin effektivliyini artıracaq. Yeni növ təyyarələr üçün qaydalar 2020-ci ildə qüvvəyə minəcək. 2028-ci ildən yeni standartlara cavab verməyən modellərin istehsalı tam dayandırılmalıdır.
Alimlər hesablayıblar ki, 2050-ci ilədək aviasiya sənayesi “dünya kömür büdcəsinin” 27 faizindən istifadə edə bilər. Bu, sənayeləşməyə qədər səviyyə ilə müqayisədə qlobal temperaturun Selsi üzrə 1,5 dərəcə qalxmasının qarşısını ala bilər.