Ekspertlər XXI əsrdə qlobal iqlim dəyişiklikləri proqnozlaşdırırlar
Bakı, 3 aprel (AZƏRTAC). İqlim dəyişikliklərinə dair hökumətlərarası ekspert qrupunun təqdim etdiyi yeni məruzəyə görə, iqlim dəyişmələri dünyanın bir çox regionlarında ekstremal hava şəraitinə gətirib çıxarır. Belə bir vəziyyət icmaların sosial baxımdan zəif olması ilə birlikdə fəlakətlə nəticələnə bilər.
Məruzə müəllifləri qeyd edirlər ki, ekstremal istilər və iqlim dəyişiklikləri ilə əlaqədar başqa rekord göstəricilər bəzən fəlakətlərə gətirib çıxarır, bəzən isə yox. Bir çox məsələ dövlətlərin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına və yumşaldılmasına yönəlmiş siyasətindən, habelə onların çevik xilasetmə tədbirlərinə və bərpa işlərinə hazır olmalarından asılıdır.
Məruzədə təbii fəlakətlər nəticəsində insan tələfatı və iqtisadi itkilər, habelə belə nəticələrə gətirib çıxarmış fiziki və sosial halların birləşməsi barədə məlumatlar yer almışdır. Qeyd edilmişdir ki, 1970-2008-ci illərdə baş vermiş təbii fəlakətlər nəticəsində bütün insan tələfatı hallarının 95 faizi inkişafda olan ölkələrin payına düşür. Eyni zamanda inkişaf etmiş ölkələr böyük iqtisadi itkilər verir.
Məruzədə bildirilir ki, 1950-ci ildən aparılan hava müşahidələrinin nəticələri xüsusən gündəlik temperaturun maksimum həddə çatdığı və istilərin anormal olduğu ekstremal hava şəraitində dəyişikliklər nümayiş etdirir.
Məruzə müəlliflərinin fikrincə, XXI əsrdə bir çox bölgələrdə güclü yağıntının tezliyi artacaqdır. Müəlliflər XXI əsrdə qlobal miqyasda ekstremal yüksək və alçaq temperatur tezliyinin artacağını istisna etmirlər. İstilik dalğasının davamlı, sıx-sıx və intensiv olması ehtimalı dünyanın əksər rayonlarında 90-100 faiz təşkil edəcəkdir.
Bu yüzillikdə tayfun və qasırğa adlanan tropik siklonların orta sürəti artacaqdır. Lakin belə bir hal heç də bütün okeanların hövzələrində müşahidə edilməyəcəkdir. Siklonların ümumi sayı, çox güman, azalacaq, yaxud indiki səviyyədə qalacaqdır.
Alimlər bu yüzillikdə Cənubi Avropa, Aralıq dənizi regionu, Mərkəzi Avropa, Mərkəzi Amerika və Meksikada, Braziliyanın şimal-şərqində və Cənubi Afrikada quraqlığın güclənəcəyini ehtimal edirlər.