ƏL-ƏHSA MƏSCİDİ YENİDƏN QURULACAQ
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, İordaniya krallığının yüksəkvəzifəli nümayəndəsinin sözlərinə görə, gələn ilin əvvəllərində onun ölkəsi beşinci minarənin tikintisinə başlayacaqdır.
Kral II Abdulla məscidin əzəmətini və müqəddəsliyini təcəssüm etdirməli olan bu minarənin ən yaxşı layihəsi üçün müsabiqə elan etmişdir. Layihənin təxmini dəyəri 600-700 min dollardır.
Layihənin gerçəkləşdirilməsi ilə məşğul olacaq dövlət komitəsinin vitse-prezidenti Raif Nəcim bildirmişdir ki, 42 metr hündürlüyündə minarə Qızıl darvazanın yanında tikiləcək və Məbəd dağında ən uca qüllə olacaqdır. Digər dörd minarə ilə birlikdə o, İslamın beş əsas dayağının rəmzinə çevriləcəkdir.
Qüdsün şərq hissəsi İordaniya tərəfindən idarə edildiyi (1948-1967-ci illər) dövrdən Haşimilər məmləkəti bu müqəddəs ocağın vəziyyətinə daim xüsusi diqqət yetirir. Hətta 1988-ci ildə İordaniya kralı Hüseyn öz ölkəsinin İordan çayının Qərb sahilinə yiyələnmək iddiasında olmadığını rəsmən açıqladıqdan sonra da Krallıq “Əl-Həram əş-Şərif” məbəd kompleksinin qeydinə qalır, burada yerləşən məscidlərdə təmir və bərpa işləri görür.
“Ceruzalem post” qəzetinin yazdığına görə, Məbəd dağına – yəhudilər üçün müqəddəs olan Sitəm divarı da burada yerləşir – nəzarət edən İsrail hakimiyyət orqanları Əl-Əhsa məscidinin yenidən qurulmasına etiraz etməyəcəklər.
Əl-Əhsa məscidi VII əsrin axırları – VIII əsrin əvvəllərində tikilmiş, yalnız iki dəfə - 780-ci və 1035-ci illərdə əsaslı təmir olunmuşdur. “Əl-Həram əş-Şərif” kompleksi əhəmiyyətinə və əzəmətinə görə Məkkə və Mədinədən sonra müsəlmanların üçüncü qüdsiyyəti sayılır. İslamın ilk çağlarında möminlər ibadət zamanı məhz Əl-Əhsaya tərəf üz tuturdular.