Elçin Əliyev: Çoxdandır ki, Bakının tarixi haqqında kitab-təqvim yaratmaq istəyirdim
Bakı, 15 aprel, AZƏRTAC
Mən memarlıq tarixçisiyəm və Bakı haqqında bir çox kitabın müəllifiyəm. Demək olar ki, bütün yetkinlik illərimi sevimli şəhərimiz və onun unikal memarlığını öyrənməyə həsr etmişəm. İllər ərzində fotoşəkillər və arxiv sənədlərindən ibarət geniş arxiv toplamışam. Mən həmişə Bakının tarixi ilə bağlı bu qədər materialın və faktın ictimaiyyətə çatdırılmamasından məyus olmuşam. Topladığım materialların kitaba yalnız bir neçə faizini daxil etmək mümkün olur. Unikal hadisələr və ya görkəmli şəxsiyyətlərin səfərləri ilə bağlı faktların sadəcə yoxa çıxması həmişə təəssüf doğurur.
Bu barədə memar, professor Elçin Əliyev AZƏRTAC-ın müxbirinə bildirib.

Professor deyib ki, uzun müddət belə bir kitab-təqvim yaratmaq ideyası üzərində işləyib. Hazırladığı “Mənim Bakım” adlı kitab-təqvimin hər səhifəsi şəhərin çoxəsrlik tarixinin konkret günə həsr olunub. “Axır ki, buna nail oldum. Bir neçə il bunun üzərində işlədim. Əsas şərt fotoşəkillərin mövcudluğu idi və bu səbəbdən kitab fotoqrafiyanın meydana gəldiyi vaxtdan etibarən təxminən bir yarım əsrlik dövrü əhatə edir”,- deyə alim bildirib.

Memarın sözlərinə görə, oxucular kitabı vərəqləyərək onillər geriyə qayıda və həmin vaxtlar Bakıda nə baş verdiyini öyrənə bilərlər.