ƏLİL İDMANÇILAR ARASINDA “BASKETBOL HƏFTƏSİ” KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə noyabrın 28-dən dekabrın 1-dək Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda əqli cəhətdən geri qalan və anadangəlmə əlillər arasında “Basketbol həftəsi” keçiriləcəkdir. Yarışda ölkənin müxtəlif regionlarından 10 komanda iştirak edəcəkdir. Turnirin qalibləri komitənin kuboku və medalları ilə təltif olunacaqlar. Bu cür yarışlar Avropa Xüsusi Olimpiya Komitəsinin və Avropa Basketbol Federasiyaları İttifaqının tövsiyəsi ilə hər il qitənin bütün ölkələrində keçirilir.
Xatırladaq ki, bu idman tədbiri ilə eyni vaxtda gələn il Romada keçiriləcək gənclər arasında Avropa Xüsusi Yay Oyunlarına hazırlıq məqsədi ilə basketbol üzrə respublika seçmə yarışları da təşkil olunacaqdır.
Final görüşləri dekabrın 1-də Bakı Olimpiya İdman Kompleksində olacaqdır.