ELMAR MƏMMƏDYAROV MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Bağlı qapılar arxasında iki saata yaxın davam edən müzakirələr zamanı tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində gələcək addımlara dair perspektivləri nəzərdən keçirmişlər. Bu barədə AZƏRTAC-a məlumat verən nazir Elmar Məmmədyarov demişdir ki, həmsədrlər yaxın günlər ərzində bölgəyə səfər etmək istədiklərini bildirmişlər. Hazırda onlar sülh danışıqları prosesinin dirəndiyi problemlərin aradan qaldırılması imkanları üzərində işləyirlər. Bu həftənin sonu isə, Minsk qrupunun həmsədrləri danışıqların hazırkı mərhələsinə dair Avropa İttifaqı sədrliyini məlumatlandırmaq üçün Helsinkiyə gedəcəklər.
Minsk qrupunun həmsədrləri və səfir Anji Kaspşik həmin gün Nyu-Yorkda Ermənistanın xarici işlər naziri Vartan Oskanyan ilə də görüşmüşlər.