Əlyazmalar İnstitutunun əməkdaşları Atatürk Kitabxanasında elmi araşdırma aparıblar
Bakı, 28 iyul, AZƏRTAC
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və Beynəlxalq əlaqələr şöbəsinin Əlyazmaların elmi ekspozisiyası sektorunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Nəcəfova Türkiyənin Atatürk Kitabxanasında elmi araşdırma aparıblar.
Bu barədə AZƏRTAC-a Əlyazmalar İnstitutundan məlumat verilib. Qeyd olunub ki, alimlərimiz Atatürk Kitabxanasının müdiri Əli Şəfəq Özdəmirlə görüşüb, kitabxananın strukturu, onun fondunda mühafizə olunan materiallar, bu müəssisədə oxuculara xidmət işinin təşkili, nadir nüsxələrin mühafizəsi və elektronlaşdırılması haqqında ətraflı məlumat alıblar. Həmçinin kitabxanada qorunan 4760 cild əlyazma abidəsinin toplanılma tarixi, mövzu və dil üzrə təsnifatı, ekspozisiyası və kataloqlaşdırılması barədə geniş bilgi əldə ediblər. Alimlərimiz Atatürk Kitabxanasının iş prosesi əsasında Bərpa laboratoriyasında (Kitab klinikası) əlyazmaların restavrasiyası və rəqəmsal arxivdə onların elektronlaşdırılması işi ilə tanış olublar.
Kitabxana rəhbərliyi tərəfindən Əlyazmalar İnstitutunun əməkdaşlarına “Atatürk Kitabxanasında qorunan türkcə əlyazma divanlarının əlifba kataloqu” və Hüseyn Türkmənin “Türkiyə kitabxanaları əlyazma kataloqları (1923-2006)” mövzusunda araşdırması hədiyyə olunub, müəssisələr arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qeyd edək ki, Atatürk Kitabxanasının fondunda vaxtilə şəxsi kolleksiyalarda olmuş əski xəritələr, daşbasma kitabları, nadir sənədlər, əski mətbuat nümunələri ilə yanaşı, qədim əlyazmalar, eyni zamanda, Nəsimi, Xətai, Füzuli kimi görkəmli Azərbaycan şairlərinin anadilli divanlarının nüsxələri mühafizə olunur.