Əmək və əhalinin sosial müdafiəsi naziri Qəbələ rayonunda vətəndaşları qəbul edib
Bakı, 16 dekabr, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələ rayonunda Qəbələ və İsmayıllı rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Qəbuldan əvvəl S.Babayev və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbul zamanı müraciət edən vətəndaşlardan bir hissəsi şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları olub.
Vətəndaşlar sosial təminat növləri, o cümlədən pensiya və ünvanlı sosial yardım, müavinət, eləcə də əlillik, reabilitasiya xidmətlərinə və aktiv məşğulluq proqramlarına cəlbedilmə, mənzillə təminat və s. məsələlərlə bağlı müraciət ediblər.
Müraciətlərin hər biri fərdi qaydada araşdırılaraq nəticəsinə əsasən tədbirlər görülüb.
Bir sıra sakinlərin müraciətləri nəzərə alınaraq reabilitasiya və sosial xidmətlərə, aktiv məşğulluq proqramlarına (özünüməşğulluq, ictimai işlər, peşə hazırlığı) cəlb olunmaları üçün qeydiyyata alınıb. Sorğu xarakterli müraciətlər edən vətəndaşlara müvafiq mövzularda ətraflı izahatlar verilib.