ƏMƏYİN TƏFTİŞİ ÜZRƏ STRATEJİ PLAN MÜASİR TƏCRÜBƏ ƏSASINDA HAZIRLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 17-də “Caspian Plaza” mehmanxanasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi (DƏM) “Azərbaycanda əməyin təftişi üzrə strateji plan”ın təqdimatına həsr edilmiş seminar keçirmişdir. Seminar Beynəlxalq Əmək Müfəttişliyi və Dünya Bankı ilə birgə təşkil edilmişdir.
DƏM-in rəisi Nəbi Şükürlü bildirmişdir ki, yeni layihə Niderland və Almaniya mütəxəssisləri tərəfindən hazırlanmışdır. Azərbaycanda əməyin təhlükəsizliyi istiqamətində xeyli iş görülsə də, əlavə tədbirlərə və bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsinə ehtiyac vardır.
Planda nəzərdə tutulmuş əsas strateji məqsədlərdən danışan N.Şükürlü vurğulamışdır ki, burada əməyin təhlükəsizliyi və sağlamlığın mühafizəsinin təkmilləşdirilməsi üçün güclü, etik müşahidə, əməyin təhlükəsizliyi, sağlamlığın mühafizəsi, əmək müfəttişliyinin etibarlı infrastrukturu və digər məsələlər əksini tapmışdır.
Niderlandın TNO (Quality of Layt) təşkilatının nümayəndəsi, beynəlxalq məsləhətçi Jan Mişel Meuse bildirmişdir ki, müasir təcrübəyə əsaslanaraq hazırlanmış strateji planda orta və uzunmüddətli islahatların tədricən həyata keçirilməsi nəzərdə tutulur.
TNO-nun nümayəndəsi söyləmişdir ki, iqtisadiyyatını genişləndirən Azərbaycanda neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi işlər görülür və bu yaxşı haldır.
Almaniya, Kanada və Hollandiyadan olan mütəxəssislər “Azərbaycanda əməyin təftişi üzrə strateji plan”ın bu sahədə mövcud çatışmazlıqların həllinə təkan verəcəyini bildirmişlər.