EMİN DƏMİRÇİYEV MDU-NUN ƏN YAXŞI MƏZUNLARINDAN BİRİDİR
MDU-nun rektoru Viktor Sadovniçi diplomların və qızıl medalların təqdim edilməsi mərasimində bu ali məktəbə böyük şərəf gətirən əla təhsilə görə Eminə, Moskvaya təhsil almaq üçün belə tələbələr göndərən ölkəyə minnətdarlığını bildirmişdir. V.Sadovniçi MDU məzununun Fəxri fərmanını Eminə təqdim edərək, ona ölkələrimizin mənafeyi naminə fəaliyyətində uğurlar arzulamışdır.
Hüquq fakültəsinin elmi şurası uğurlarına və qeyri-adi istedadına görə Eminə təhsilini universitetin beynəlxalq hüquq kafedrası aspiranturasının gündüz şöbəsində davam etdirməyi məsləhət görmüşdür. Bu, eyni zamanda, onun “Avrasiya İttifaqı ölkələrinin cinayətkarlıqla mübarizədə əməkdaşlığı: daxili işlər və ədliyyə sahəsində əməkdaşlıq” mövzusunda diplom işi ilə də bağlıdır.
Sumqayıtdakı 27 nömrəli orta məktəbin yetirməsi E.Dəmirçiyev AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində gənc həmvətənlərimizə Rusiyanın ən yaxşı ali məktəblərində təhsil almaq imkanı verdiyinə, onlara göstərilən diqqət və qayğıya görə ölkəmizin rəhbərliyinə minnətdarlığını bildirmişdir. MDU və BDU arasında ikitərəfli əməkdaşlıq, yüksək qarşılıqlı fəaliyyət səviyyəsi əsasında ölkəmiz üçün yüksəkixtisaslı milli kadrların hazırlanması sahəsində böyük iş aparılır.