ENERGETİKLƏR GÜNÜ ƏRƏFƏSİNDƏ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 17-də “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (ASC) milli energetiklərimizin peşə bayramı - Energetiklər günü ərəfəsində cari ilin otən müddətində ölkədə enerji təchizatının yaxşılaşdırılması sahəsində qurumun gördüyü işlərə, həyata keçirdiyi tədbirlərə həsr edilmiş mətbuat konfransı olmuşdur. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev tədbirdə çıxış edərək kütləvi informasiya vasitələri nümayəndələri ilə bugünkü görüşün bir neçə əlamətdar hadisə ərəfəsində baş tutmasını sevindirici bir hal olduğunu qeyd etmişdir. O, ölkəmizin Prezidentinin bu vəzifəyə seçilməsinin üç, milli energetikamızın bayraqdarı sayılan Azərbaycan Elektrik Stansiyasının birinci blokunun ulu öndərimiz Heydər Əliyev tərəfindən işə salınmasının iyirmi beş ilinin tamam olmasını iftixarla qeyd etmişdir. Natiq ölkəmizin Prezidentinin Sərəncamı ilə Energetiklər gününün təsis edilməsini və bu bayramın bir neçə gündən sonra artıq üçüncü dəfə qeyd olunacağını energetiklərimizin əməyinə verilən yüksək qiymətin təzahürü adlandırmışdır. O qeyd etmişdir ki, son üç ildə energetika sistemində respubluka rəhbərliyinin ciddi nəzarəti altında islahatlar həyata keçirilir, geniş quruculuq işləri görülür. Təkcə son bir il ərzində həyata keçirilən tədbirlər nəticəsində ölkənin enerji sisteminə əlavə 700 meqavat enerji veriləcəkdir. Natiq cari ilin fevral ayında Azərbaycan İstilik Elektrik Stansiyasında beşinci blokun yenidən qurulması nəticəsində 170 meqavat yeni enerji gücünün əldə edilməsi, Naxçıvan Muxtar Respublikasında uzun müddət istifadəsiz qalan stansiyada dizel yanacağı ilə işləyən turbinlərin qaz yanacağına keçirilərək istifadəyə verilməsi, Azərbaycan Prezidentinin Sərəncamı ilə bölgələrdə modul tipli müasir elektrik stansiyalarının tikintisi, bu enerji obyektlərindən ikisinin artıq Astarada və Şəkidə işə salındığı, ilin sonunadək qalan üçünün də istifadəyə tam hazır olacağı barədə ətraflı məlumat verdi.
ASC-nin rəhbəri bildirdi ki, ölkəmizin Prezidenti milli energetiklər qarşısında yaxın üç il ərzində enerjisistemə 2400 meqavat yeni enerji gücü vermək vəzifəsini qoymuşdur. O, əmin olduğunu bildirmişdir ki, sahənin əmək kollektivləri bu vəzifənin də öhdəsindən layiqincə gələcəklər.
Etibar Pirverdiyev axırda jurnalistlərin suallarını cavablandırmışdır.