ENERJİ XARTİYASININ KATİBLİYİ AZƏRBAYCANLA ƏLAQƏLƏRİN İNKİŞAFINA BÖYÜK ÖNƏM VERİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə xanım Ria Kemper səfərinin əsas məqsədinin Bakıda keçirilən neft, qaz sərgi və konfransında iştirak edib Enerji Xartiyası Katibliyinin fəaliyyəti ilə bağlı çıxış etməkdən ibarət olduğunu bildirmişdir.
Qonaq rəhbərlik etdiyi təşkilatın Azərbaycanla səmərəli əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğulamış və katiblikdə yaranan boş yerlərdə azərbaycanlı namizədlərin də iştirak etməsinin vacib olduğunu söyləmişdir.
Sonra xanım Ria Kemper işi ilə bağlı məlumat verərək demişdir ki, enerjinin nəqli məsələsi rəhbəri olduğu təşkilatın fəaliyyətinin əsas istiqamətlərindən biridir və bununla əlaqədar Enerji Xartiyası Müqaviləsinə tranzit üzrə protokol tətbiq etmək niyyətindədir.
Nazir Elmar Məmmədyarov qonağın neft, qaz sərgi və konfransında iştirakını yüksək qiymətləndirmiş, ölkəmizin Enerji Xartiyasına 1997-ci ildə qoşulmasını bu beynəlxalq təşkilata ciddi münasibət bəsləməsinin təzahürü kimi qiymətləndirmişdir.
Nazir ölkəmizin Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrində fəal iştirak etdiyini diqqətə çatdıraraq, bu və hazırda Azərbaycan neftini dünya bazarına çıxaran mövcud kəmərlərin təhlükəsizliyi sahəsində Enerji Xartiyası ilə əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu bildirmişdir.
Azərbaycanın Enerji Xartiyası Katibliyində boş yerlərə namizədlərinin iştirak etməsinə toxunan nazir Elmar Məmmədyarov, gənc diplomatlarımızın bu iş yerlərində çalışmalarında maraqlı olduğunu vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.