“ENERJİDAŞIYICILAR: İMKANLAR, PERSPEKTİVLƏR”KİTABI ÇAPDAN ÇIXMIŞDIR
AMEA- nın Yer elmləri bölməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yeni nəşrdə dünya iqtisadiyyatında istifadə olunan enerjidaşıyıcılar, onların növləri və hər birinin xüsusi çəkisi, Azərbaycanın yanacaq-enerji balansı və onun tərkib hissələri, iqtisadiyyatın enerji tutumu, dünyada, o cümlədən regionda neft və qaz ehtiyatları, Xəzərin karbohidrogen potensialı, perspektiv resursları və ehtiyatları barədə məlumatlar verilir, neftvermə əmsalının yüksəldilməsi yolları izah edilir. Nəşrdə alternativ enerji mənbələrindən istifadənin perspektivləri, neft, qaz, kömür, su və nüvə enerjisi mövzularında da ətraflı araşdırmaların nəticələri toplanmışdır. Enerjidaşıyıcıların istehsalı və istehlakı dinamikaları, ticarəti və coğrafiyası, dünya neft birjaları, qiymətqoyma və ona təsir edən amillərdən də ətraflı bəhs edilir.
Kitabda həm də Rusiya imperiyasının əli ilə ermənilərin Azərbaycan ərazisinə köçürülməsi və torpaqlarımızda erməni dövlətinin yaradılması, ermənilərin türkləri, o cümlədən azərbaycanlıları qırması, tarix boyu Azərbaycan neftindən bəhrələnən çar və sovet imperiyalarının erməni vəhşiliklərini himayə etməsinə dair faktlar da verilmişdir.
Müəllim, aspirant, tələbə və geniş oxucu kütləsii üçün nəzərdə tutulan kitabın müəllifləri AMEA-nın müxbir üzvü Arif Quliyev, Rusiyanın əməkdar geoloqu Faiq Məmmədov, texnika elmləri namizədləri Kərim Nəbiyev və Xəlil Nəbiyevdir. Elmi redaktorları isə AMEA-nın müxbir üzvü A.Musayev, texnika elmləri namizədi Q.Məmmədovdur.