Epilepsiya uşaq və yeniyetmə dövründə daha çox rast gəlinən patologiyalardandır RƏY

Bakı, 5 aprel, AZƏRTAC
Epilepsiya sinir sisteminin xroniki xəstəliyi olub, təkrarlanan qıcolma tutmaları ilə xarakterizə olunur. Əsrlər boyu epilepsiya qorxu, anlaşılmazlıq, ayrı-seçkilik və sosial stiqma ilə əhatə olunub. Bir çox ölkələrdə stiqmanın bəzi formaları bu günə qədər davam edir və xəstəlikdən təsirlənən insanların və onların ailələrinin həyat keyfiyyətinə təsir edə bilir. Epilepsiya dünyada ən çox yayılmış xəstəliklərdən hesab olunur. Epilepsiyanın tibbi və sosial əhəmiyyəti yüksək olaraq qalmaqdadır. Bu, onun əhali arasında yayılması ilə əlaqədardır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının assistenti Sona Əliyeva deyib.
O bildirib ki, epilepsiya baş beynin qabığında həddindən artıq neyronal boşalmalar nəticəsində yaranan, təkrarlanan, əsasən də təxribat olunmayan tutmalarla xarakterizə olunur. Bu tutmalar da öz növbəsində hərəki, hissi, vegetativ, düşüncə və psixi funksiyaların pozulması ilə müşayiət olunurlar. Onlar beynin müxtəlif sahələrində baş verə bilər. Tutmaların tezliyi ildə bir dəfədən az olmaqla gündə bir neçə dəfəyə qədər dəyişə bilər. Dünyada hər il təxminən 5 milyon insana epilepsiya diaqnozu qoyulur. Yüksək gəlirli ölkələrdə hər 100 min nəfərdən 49-na epilepsiya diaqnozu qoyulduğu təxmin edilir. Aşağı və orta gəlirli ölkələrdə 100 min nəfərdən 139-na bu diaqnoz qoyula bilər.
Sona Əliyevanın sözlərinə görə, epilepsiya xüsusilə uşaq və yeniyetmə dövründə daha çox rast gəlinən nevroloji patologiyalardandır. Xəstəlik, 1 yaşa qədər uşaq həyatında maksimum olmaqla, hər 100 min əhali sayına 15-113 hal təşkil edir. On beş yaşa qədər uşaqlarda hər min uşaq sayına 5-8 hal təşkil edir. Epilepsiyadan əziyyət çəkən insanlarda vaxtından əvvəl ölüm riski əhalinin orta göstəricisindən təxminən üç dəfə yüksəkdir.
Epilepsiyanın müxtəlif səbəblərdən yarana biləcəyini qeyd edən mütəxəssis deyib: “Etioloji amillərə struktur, genetik, yoluxucu, metabolik, immun və naməlum etioloji amillər aiddir. Uşaqlıq dövründə başlayan epileptik tutmaların uzunmüddətli proqnozu qeyri-müəyyəndir. Uşaqlıqda epilepsiyadan əziyyət çəkən xəstələrin əksəriyyəti yetkinlik yaşına çatdıqları vaxta qədər tutmalardan azad olsalar da, sosial və təhsil problemləri ilə bağlı risklər yüksək olaraq qala bilir. Epilepsiya xəstəliyinə nəzarət etmək mümkündür. Epilepsiya xəstələrinin 70 faizə qədəri qıcolma əleyhinə dərmanlarla düzgün müalicə ilə qıcolmasız yaşaya bilər. Əgər epilepsiya xəstəsi iki-dörd il ərzində qıcolmalardan azaddırsa, müvafiq klinik, sosial və fərdi amillər nəzərə alınmaqla antikonvulsanların dayandırılması nəzərdə tutula bilər. Epilepsiyanın vaxtında aşkarlanıb müalicə olunması, sonrakı ağırlaşmaların qarşısını almağa, xəstələrin həyat şəraitinin yaxşılaşmasına səbəb ola bilər”.