ƏQLİ MÜLKİYYƏT OBYEKTİ OLAN MALLARIN TİCARƏTİ QANUNLA TƏNZİMLƏNƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, iclasda “Feldyeger rabitəsi orqanında xidmətkeçmə haqqında” Əsasnamə ikinci oxunuşda, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” və “Poçt rabitəsi haqqında” qanun layihələri birinci oxunuşda müzakirə olunmuşdur.
Birinci məsələ ilə bağlı Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü Cahangir Hüseynov məlumat vermişdir. O demişdir ki, layihənin birinci oxunuş müzakirəsi zamanı deputatların irəli sürdükləri irad və təkliflərin əksəriyyəti işçi qrupu tərəfindən nəzərə alınmışdır.
Əsasnamə layihəsi fəsillər üzrə geniş müzakirə olunduqdan sonra ikinci oxunuşda təsdiq edilmişdir.
“Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihəsi ilə əlaqədar Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov demişdir ki, bu gün Azərbaycan dünyanın 130 ölkəsi ilə iqtisadi əlaqə qurmuşdur. Həmin ölkələrlə ticarət əlaqələri zamanı bir sıra malların idxal və ixracı Gömrük Məcəlləsi ilə tənzimlənir. Amma intellektual mülkiyyətin ticarətinə nəzarət məsələsi Məcəllədə öz əksini tapmamışdır. Bu da əqli mülkiyyətin qanunsuz ticarətinə şərait yaradır. Ona görə də Məcəlləyə dəyişikliklər və əlavələrin olunması təklif edilir.
Sonra Səttar Səfərov “Poçt rabitəsi haqqında” yeni qanun layihəsini müzakirəyə təqdim etmişdir.
Səkkiz fəsil, 27 maddədən ibarət olan qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul olunmuşdur.