ERİTREYA BMT SÜLHMƏRAMLILARINI QOVUR
İki Afrika ölkəsi – Efiopiya ilə Eritreya arasında münasibətlər daha da gərginləşir. Diplomatların fikrincə, müşahidəçilərin çıxarılması irimiqyaslı müharibə ilə nəticələnə bilər. BMT missiyasının nümayəndəsi Ed Harris demişdir ki, sülməramlılarının Eritreyadan çıxarılması missiyanın ölkədə bütün işini təhlükə qarşısında qoyacaqdır.
BMT Təhlükəsizlik Şurası Eritreya hökumətinin tələbini “qətiyyən qəbuledilməz” adlandırmışdır. Təhlükəsizlik Şurasının təcili çağırılan iclasının yekunlarına əsasən qəbul olunmuş bəyanatda Eritreyaya öz qərarını dərhal və ilkin şərtlər irəli sürmədən geri götürmək təklif edilir.
İki ölkə arasında münasibətlərin yenidən gərginləşməsinə sərhədyanı Badme şəhərinin və ona bitişik ərazinin mənsubiyyəti məsələsi səbəb olmuşdur. Sərhədi müəyyənləşdirən komissiya onu Eritreyanın bir hissəsi olduğunu bildirmişdir, lakin Efiopiya bu icbari qərarı yerinə yetirməkdən imtina edir.
Otuzillik vətəndaş müharibəsindən sonra, 1993-cü ildə Eritreya Efiopiyadan ayrılaraq, özünü müstəqil dövlət elan etmişdir. 1998-ci ilin mayında iki dövlət arasında sərhəd mübahisəsinin nəticəsi olaraq yenidən müharibə başlanmışdır. BMT-nin səyləri sayəsində 2000-ci il iyunun 18-də tərəflər hərbi əməliyyatların dayandırılması haqqında saziş imzalamışlar. Bu saziş iki ölkə arasında dövlət sərhədinin meydana gəlməsinə gətirib çıxarsa da, sərhəd mübahisələrini həll etməmişdir.
Hazırda BMT-nin Eritreyada 3300 nəfərlik kontingenti var.