Erkən nikahlar demoqrafiyaya böyük zərbədir
Astara, 16 mart, Bağır Əliyev, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Astara Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Erkən nikahlar və onun fəsadları” mövzusunda videokonfrans keçirilib.
Videokonfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Əliağa Novruzov, Astara Rayon Təhsil Şöbəsinin əməkdaşı Elçin Mirzəzadə, rayonun ümumtəhsil müəssisələrinin direktorları, direktor müavinləri, psixoloqlar və yuxarı sinif şagirdləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransda çıxış edənlər cəmiyyətimizdə erkən nikahların yaratdığı mənəvi, sosial və hüquqi zərərlər haqqında danışıblar. Erkən nikah hallarının həm də uşaq hüquqlarının pozulmasına gətirib çıxardığı qeyd edilib, bu istiqamətdə rayonda maarifləndirmə işlərinin daha intensiv aparılmasının vacibliyi vurğulanıb.
Qeyd olunub ki, erkən nikahlar demoqrafiyaya böyük zərbədir, çünki ana olmağa hazır olmayan qadının dünyaya gətirdiyi uşaq çox vaxt tam normal olmur. Bundan başqa, uşaq ölümünün artması faktlarında bu məsələ az rol oynamır. Bəzi valideynlər düşünürlər ki, qız övladlarını tez ailə qurmağa məcbur etməklə onlar üçün daha yaxşı həyat təmin etmiş olurlar.
Diqqətə çatdırılıb ki, neçə illərdən bəri azadlığa qovuşmuş, elmə yiyələnən, nailiyyətlər qazanan, rəhbər vəzifələrə yüksələn, sözünü yüksək kürsülərdən deməyi bacaran Azərbaycan qadınının təhsildən yayındırılaraq erkən yaşlarında nikaha məcbur edilməsi yolverilməzdir.