“Erməni soyqırımı” dünya ictimaiyyətinə sırınmış mifdir
Bakı, 18 aprel (AZƏRTAC). Yüz ildir ki, dünyada “erməni soyqırımı” haqqında yalan dolaşmaqdadır. Hər il aprelin 24-ü ərəfəsində erməni mətbuatı, erməni diasporu və lobbisi fəallaşır, müxtəlif dövlətlərin parlamentlərinə “erməni soyqırımı”nın tanınması barədə müraciətlər göndərir, yenidən dünya ictimaiyyətinin beynini zəhərləməyə cəhd göstərirlər.
Ermənilər tarixən çoxsaylı, daha güclü xalqların, xüsusilə İslam dininə mənsub xalqların içərisində yaşamışlar. Lakin heç vaxt milli mənsubiyyətlərinə görə sıxışdırılmamışlar. Əksinə, ticarətdə, sənətdə, maliyyə sahələrində mühüm rol oynamışlar. Оsmanlı imperiyasında milli azlıqlara qarşı dini və milli dözümsüzlük olmamışdır. İmperiyanın özü bir çox etnosları birləşdirən dövlət kimi formalaşmışdı. Türkiyə ərazisində Quranda əsaslandırılan şəriət qanunları hökm sürürdü. Quran isə başqa dinlərdən olanlara qarşı diskriminasiyaya yol vermir.
“Soyqırımı” olmuşdurmu? İkincisi, niyə məhz 24 aprel?
Bu suallara aşağıda cavab veriləcəkdir.
Soyqırımı haqqında mif daşnak emissarlarının səyi ilə Rusiya və Türkiyə arasında gedən hərbi əməliyyatlar zamanı yayılmağa başlamışdır. Bu emissarların rəhbərliyi ilə ermənilərin sıx məskunlaşdığı ərazilərdə millətçilərdən ibarət “könüllü dəstələr” kütləvi silahlı çıxışlar edir, Türkiyənin sərhədyanı vilayətlərində dinc müsəlman əhalini soyuqqanlılıqla qırırdılar. Ermənilər ilk dəfə Rusiyanın tərəfində Türkiyənin əleyhinə açıq şəkildə 1828-ci ildə, erməni mənşəli Loris Məlikovun başçılığı altında rus qoşunları Anadolunu tutan zaman çıxış etmişdilər. Məhz bu hadisələr zamanı Türkiyənin erməni əhalisi rus ordusunu dəstəkləyirdi. Türkiyə ordusuna çağırılmış ermənilər fərarilik edir, casusluqla məşğul olur, əlində silah düşmənin tərəfinə keçirdilər. Birinci dünya müharibəsinin gedişində onlar daha da azğınlaşdılar. 1915-ci il fevralın 19-da 11-ci diviziyanın komandiri hərbi nazirliyə məlumat verirdi ki, bir sıra kəndlərdə ermənilər jandarmlara atəş açırlar. Fevralın 21-də komandirin vurduğu teleqramda deyilirdi ki, Muşun yaxınlığındakı Siranun kəndində 40-50 nəfərlik erməni bandası qonşu kəndlərə basqınlar edir. Fevralın 25-də 5-ci diviziyanın komandiri Dəvəli qəzasında çoxlu miqdarda bomba, silah, barıt və s. aşkar edildiyini bildirirdi. Birinci diviziyadan 3-cü ordunun komandanlığına məlumat verilirdi ki, 95 fərari, ədalət məhkəməsindən yayınan 25 nəfər tutulub saxlanmışdır.
Xəyanət, silahlı qiyam, dinc türk əhalisinin qırılması. Türkiyə hökuməti bu reallıq qarşısında qalmışdı və tədbir görməli idi. 1915-ci il aprelin 24-də İstanbulda və digər şəhərlərdə türklərə qarşı xəyanət edən erməni təşkilatlarının təcili olaraq bağlanması, onların rəhbərlərinin həbs edilməsi və sənədlərin ələ keçirilməsi haqqında daxili işlər naziri əmr verdi. Bundan sonra 2345 erməni xəyanətə görə həbs edildi. Hökumət isə hərbi əməliyyatlar gedən şərq rayonlarından erməni əhalisini ölkənin içərilərinə köçürməyi qərara aldı. Bütün ölkələrdə müharibə dövründə ölkə rəhbərliyi hərbi əməliyyatlar zonasından əhalini köçürür. 1915-ci ilin aprelində eyni vaxtda iki cəbhədə müharibə aparan Türkiyə şərq cəbhəsində arxasında düşmən, hər an qiyam etməyə hazır olan əhalinin qalmasına dözə bilməzdi. Buna reaksiya verilməli idi. Beləliklə, beynəlxalq hüquq nöqteyi-nəzərindən Türkiyə hökumətinin köçürmə qərarı ədalətlidir. Bu, strateji bir addım idi və burada namərd ermənilərdən intiqam almaq barədə söz ola bilməz.
Bundan sonra Qərb ölkələri missionerlərinin səyi ilə “1915-ci ilin erməni faciəsi” anlayışı dövriyyəyə buraxıldı. Sonralar bu, “soyqırımı” ilə əvəz edildi. Dünya ictimaiyyəti “türk barbarların” “məzlum” ermənilərə qarşı “vəhşiliyi” barədə dezinformasiyaya inandı. Bu faciənin günahkarı kimdir sualına nə o zaman, nə də sonralar cavab verildi. Səfirləri vasitəsilə hər şeydən xəbərdar olan Qərb dövlətlərinin rəhbərləri erməni millətçilərinin qırdığı türk əhalisi haqqında bir kəlmə də danışmadılar. Bu gün də demokratiyadan, ədalətdən dəm vuran bu cənablar xislətlərinə sadiqdirlər.
“Soyqırımı” haqqında mif “cəfakeş” erməni xalqı obrazının yaradılmasına kömək etdi. Bu mifdən və “cəfakeş” damğasından istifadə edən ermənilər 1918-ci ildə azərbaycanlıların torpağında öz dövlətlərini yaratdılar. Son zamanlar bu mifdən növbəti ərazi iddialarını (Dağlıq Qarabağ) əsaslandırmaq, öz xalqını azərbaycanlılara, türklərə, müsəlmanlara nifrət ruhunda tərbiyə etmək, öz işğalçılıq niyyətlərini reallaşdırmaq üçün dünya ictimai rəyi ilə manipulyasiya aparmaqdan ötrü istifadə olunur.
Vahid Səfixanov
AZƏRTAC-ın müxbiri