ERMƏNİLƏR AXALKALAKİ RAYON MƏRKƏZİNDƏ ERMƏNİ GENERALINA ABİDƏ QOYURLAR
İlkin məlumata görə, abidə üçün Axalkalakini burada anadan olmuş generalın özü seçmişdir. Gürcüstan mədəniyyət, abidələrin mühafizəsi və idman nazirinin müavini Nika Vaçeişvili bildirmişdir ki, əgər abidə üçün müvafiq yer seçilibsə, onun qoyulması üçün yerli hakimiyyət orqanlarının qərarı kifayətdir. Axalkalaki Rayon İcra Hakimiyyətinin başçısı Artur Yerimyan isə abidənin qoyulması üçün Axalkalaki şəhərinin bütün strukturları ilə məsləhətləşmələr aparıldığını və onların razılığı olduğunu söyləmişdir.
Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Konstantin Qabaşvili demişdir: “Hələlik məsələ ilə yaxşı tanış deyiləm. Əgər bu, qarşıdurmaya əsas verərsə, bölgə qubernatorluğundan, yerli hakimiyyət orqanlarından müvafiq tədbirlər görmələri tələb olunmalıdır”.
Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elxan Poluxov qeyd etmişdir ki, Qarabağda dinc insanların qanını tökən bir hərbçiyə Gürcüstan ərazisində abidə ucaldılması ölkələrimiz arasında münasibətlərə uyğun gəlmir. Onun fikrincə, erməni generalına Gürcüstan ərazisində abidənin qoyulmasına Gürcüstan rəsmilərinin razılıq verdiyi təsdiqlənərsə, bu, Azərbaycan tərəfin müvafiq rəsmi reaksiyasına səbəb olacaqdır. O demişdir ki, bununla əlaqədar Gürcüstanın müvafiq orqanlarına məlumat verilmişdir.
İlkin məlumata görə, generalın abidəsi 1989-cu ilin 9 aprel hadisəsi zamanı Tbilisidə şəhid olanların abidəsi üçün ayrılan yerdə qoyulacaqdır. Axalkalakinin milliyyətcə gürcü olan sakini Soso Tetvadze demişdir ki, indiyədək öz şəhidlərimizə burada abidə ucalda bilmədik, ermənilər irəli düşürlər, günah özümüzdədir.