Ermənilər işğal altında olan Kəlbəcərin təbii sərvətlərini talan edirlər
Bakı, 2 aprel (AZƏRTAC). Kəlbəcərin işğalından 19 il keçir.
Ekologiya və Təbi Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli Söyüdlü (Zod), Ağduzdağ və Tutxun qızıl, Ağyataq, Çorbulaq, Qamışlı və Ağqaya civə, Kilsəli tuf, Keşdək gil, Keçəldağ perlit, Çəpli qum-çınqıl qarışığı, gözəl dekorativliyə malik 4 mərmər oniksi (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yataqlarını 19 ildir ki, ermənilər talan edirlər.
Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları da (ümumi istismar ehtiyatları gündə 3 min 93 kubmetr) işğal ərazisində yerləşir.
Sərsəng su anbarının sağ və sol sahilindən çıxan magistral kanallar vasitəsilə Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının ümumilikdə 79 min hektar əkin sahəsi suvarılırdı. Su anbarı işğal altında olandan bəri ermənilər illik su sərfinin 85-90 faizini qəsdən qış aylarında buraxırlar. Lazım olan vaxtlarda isə illik su normasının 10-15 faizini buraxırlar ki, bu da suyun səviyyəsinin aşağı düşməsinə səbəb olur. Nəticədə əkin sahələrinə xeyli ziyan dəyir, yaşıllıqlar susuzluqdan quruyaraq məhv olur, ciddi ekoloji gərginlik yaranır. Qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan 400 min nəfər əhali isə daim təhlükə altındadır.
Bundan əlavə, rayonun 8 min 676 hektara yaxın kolxoz və sovxoz torpağı, qiymətli balıq növləri olan çayların ətrafındakı 13 min 471 hektar qoruq, 15 min 531 hektar ətraf mühitin mühafizəsi üçün əhəmiyyətli meşələr, 274 hektar yaşıllıq, 80 hektar meşə-park zonası erməni işğalçılarının əlindədir.
Kəlbəcər rayonunda dəniz səviyyəsindən 1500-2100 metr hündürlükdə bitən qiymətli ağaclar ermənilər tərəfindən qırılaraq mebel materialı kimi Ermənistana daşınır.