Ermənilərin xalqımıza qarşı apardıqları terror siyasəti gələcək nəsillərə çatdırılmalıdır
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Eroziya və Suvarma İnstitutunda Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anma mərasimi keçirilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu elm müəssisəsinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Seymur Səfərli Xocalı soyqırımının ermənilərin xalqımıza qarşı törətdikləri ən böyük faciələrdən biri olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, bir gecənin içində yer üzündən silinmiş Xocalıda 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 sakin qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib. 1275 xocalılı əsir götürülüb, 150 nəfər itkin düşüb.
S.Səfərli bildirib ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımının dünyada tanınması üçün əhəmiyyətli addımlar atılıb. Son dövrlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası demək olar ki, bir çox ölkələrdə uğur qazanıb. Artıq bir sıra ölkələr ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımını tanıyıb və bu soyqırımı kəskin şəkildə pislənib. Biz bu faciəni unutmamalıyıq, gələcək nəsillərə çatdırmaq üçün əlimizdən gələni etməliyik. S.Səfərli ermənilərin törətdikləri vəhşiliklərin dünyada tanınması üçün gənclərin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb.
Digər çıxış edənlər də soyqırımının acı nəticələrindən danışıblar. Bildirilib ki, ermənilərin xalqımıza qarşı apardıqları terror siyasəti gələcək nəsillərə çatdırılmalıdır. Bu işdə elmi ictimaiyyət xüsusi fəallıq göstərməlidir.