Ermənistan Xocalıda törətdiyi qanlı faciəyə görə cavab verməlidir
Daşkəsən. 26 fevral, Sabir Əliyev, AZƏRTAC
Xocalı faciəsinin 23-cü ildönümü Daşkəsəndə dərin hüznlə qeyd edilib. Mərasim rayon mədəniyyət evinin foyesində təşkil edilmiş sərginin nümayişi ilə başlayıb. Rayon rəhbərliyi, ziyalılar, əmək kollektivlərinin nümayəndələri, gənclər burada Xocalı soyqırımını əks etdirən rəsm əsərlərinə baxdıqdan sonra anım mərasimi mədəniyyət evində davam etdirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev diqqətə çatdırıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının texnikasının və canlı qüvvəsinin köməyi ilə Xocalını işğal edərək soyqırımı törədib. Nəticədə 613 nəfər qətlə yetirilmiş, 1275 nəfər girov götürülüb. Təəssüflə bildirilib ki, həmin dəhşətli hadisədən 23 il keçməsinə baxmayaraq hələ də beynəlxalq təşkilatlar hadisəyə öz münasibətlərini bildirməyiblər. Ancaq son illər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, o cümlədən Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində aparılan sistemli iş müsbət nəticələr verməyə başlayıb. Bu baxımdan Heydər Əliyev Fondunun apardığı təbliğat kampaniyası yüksək dəyərləndirilib.
Anım mərasimində Daşkəsən şəhər 2 nömrəli orta məktəbin şagirdləri “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.