Ermənistanın təxribatçı addımlarına Azərbaycan adekvat tədbirlərlə cavab verəcək – Politoloq
Bakı, 20 avqust, AZƏRTAC
Nikol Paşinyanın tezliklə Qafanda beynəlxalq hava limanının fəaliyyətə başlayacağını bəyan etməsi erməni tərəfinin növbəti təxribat addımları üçün zəmin hazırlamaq istəyinin göstəricisidir.
Bunu AZƏRTAC-a açıqlamasında politoloq, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Aytən Qurbanova söyləyib.
O bildirib ki, təcrübədə sərhəd bölgələrdə yerləşməklə bəzi hallarda həmin sərhədləri aşan və bir neçə ölkənin hava məkanını özündə birləşdirən hava limanları var. Amma bu aeroportlar beynəlxalq hüquq normaları və həmin ölkələr arasında əldə olunmuş ikitərəfli razılaşmalar əsasında fəaliyyət göstərir.
“Ümumiyyətlə, Azərbaycanla sülh müqaviləsi imzalanmadan Qafan aeroportunun fəaliyyət göstərməsinin real olmadığını hər kəs, eləcə də, bu absurd bəyanatla çıxış edən Paşinyan da çox yaxşı bilir. Daxili uçuşlar və yükdaşımalar məqsədilə sovet dövründə fəaliyyət göstərmiş Qafan Hava Limanının fəaliyyəti Birinci Qarabağ müharibəsi dövründə məhz Azərbaycanla sərhəddə yerləşdiyi üçün təhlükəsizlik məqsədilə dayandırılmışdı.
İkinci Qarabağ müharibəsinə qədər bir neçə dəfə onun fəaliyyətinin bərpa olunacağı xəbərləri yayılsa da, nəticədə Azərbaycanla münasibətlər normallaşmadan bunun mümkün olmayacağı dəfələrlə təsdiq olunmuşdu”, - deyə A.Qurbanoba diqqətə çatdırıb.
Politoloqun sözlərinə görə, bu gün yenidən oxşar bəyanatın verilməsi də heç bir ciddi əsasları özündə ehtiva etmir. İlkin olaraq onu qeyd etmək lazımdır ki, Ermənistan sərhəd təhlükəsizliyi və hava məkanının toxunulmazlığı ilə bağlı məsələləri Azərbaycanla razılaşdırmadan belə bir addım ata bilməz. Bu, beynəlxalq hüquqa ziddir.
“İstənilən halda bütün təxribatçı addımlar Azərbaycanın sərt reaksiyası və adekvat cavab tədbirləri ilə qarşılaşacaq. Necə ki, yaxın keçmişdə Ermənistanın Azərbaycanın razılığı olmadan sərhəddə iri metallurgiya zavodu açacağı ilə bağlı verdiyi boş bəyanatın reallaşması ehtimalının olmadığını gördük. Azərbaycanla da sülh sazişi imzalanmadan, həmçinin sərhədlərin delimitasiya və demarkasiya prosesi yekunlaşmadan Qafan Hava Limanının açılacağı bəyanatı da növbəti cəfəng çıxışdan başqa bir şey deyil”, - deyə Aytən Qurbanova vurğulayıb.