“EŞQ VƏ ÖLÜM” BALETİNİN İLK TAMAŞASI
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva yeni əsərin ilk tamaşasına baxmışdır.
“Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında yazılmış əsər oğuz igidi Azərlə gözəl Baycanın saf, incə məhəbbətindən bəhs edir. Oğuz və qıpçaq elləri arasındakı düşmənçilik bu gənclərin qovuşmasına imkan vermir. Həyatla ölüm, xeyirlə şər arasında mübarizə, insan ruhunun böyüklüyü, eşq uğrunda fədakarlıq, cəsarət, təmiz məhəbbətdən doğan incə, zərif duyğular tamaşa boyu bir-birini əvəzləyir. Mavi ekranda əvvəldən axıradək yayımlanan videogörüntülər tamaşanı daha baxımlı edir, əsərin ideyasının, əsas leytmotivinin daha aydın açılmasına kömək göstərir. Klassik və müasir musiqinin, zəngin xalq və xoreoqrafik rəqslərin məharətli sintezi ikihissəli tamaşanın süjet xəttini dəqiq tamamlayır.
Xoreoqrafiya və quruluşu Vyanadakı Avropa Balet Akademiyasının professoru Vəkil Usmanova məxsus olan tamaşanın musiqi rəhbəri və dirijoru xalq artisti Cavanşir Cəfərov, quruluşçu rəssamı xalq artisti, Dövlət mükafatı laureatı Rafiz İsmayılovdur. Əsas rolları əməkdar artistlər Gülağası Mirzəyev (Azər), Yuri Lobaçov (Qara Məlik), Rüfət Xəlilzadə (Şirxan), “Qızıl Dərviş” mükafatı laureatları Kamilla Hüseynova (Baycan), İslam İslamov (Oğuz xan), xalq artisti Təranə Muradova (Qətibə), Samir Səmədov (Ölüm) ifa edirdilər.
Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi Vasif Adıgözəlov tamaşadan sonra AZƏRTAC-ın müxbirinə demişdir ki, Polad Bülbüloğlu bu əsərlə mahir bəstəkar olduğunu, klassik və müasir musiqini, milli və xoreoqrafik rəqsləri yaxşı bildiyini sübut etmişdir. Librettonun həm məzmunu, həm də ideyası milli köklərə bağlıdır, eyni zamanda müasir gəncliyə də çox lazımlıdır, insanda müsbət duyğular yaradır. Mən şübhə etmirəm ki, bu balet qısa zamanda xarici ölkələrdə də tamaşaya qoyulacaq, həm milli mədəniyyətimizə, həm də müəllifinə şöhrət qazandıracaqdır.