REGİONLAR
“Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır





Tərtər, 28 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
1994-cü il sentyabrın 20-də Bakıda dünyanın tanınmış neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu. Məhz bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə, Azərbaycanın bugünkü və gələcək inkişafının başlanğıcı oldu.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində keçirilən “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Rayon icra hakimiyyətinin akt zalında davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək, XX əsrdə Azərbaycanın neft sənayesinin sürətli inkişafından, respublikamızda güclü istehsal bazaları və elmi mərkəzlərin yaradılmasından, Ümummilli Lider Heydər Əliyevin balanslaşdırılmış siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasında dünyanın ən məşhur neft şirkətlərinin iştirak etməsindən, "Yeni neft strategiyası" və doktrinasının əsasının qoyulmasından bəhs ediblər.
Bildirilib ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolu böyükdür. Bu saziş Azərbaycanın təkcə iqtisadi deyil, ümumiyyətlə, bütün sahələrdə davamlı uğurlarının əsasıdır. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etdi, beynəlxalq münasibətlər sistemində ölkəmizin rolunu artırdı, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirərək əməkdaşlığın coğrafiyasının regional çərçivədən çıxaraq beynəlxalq miqyas almasına yol açdı.
Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan zirvələri fəth edir. “Əsrin müqaviləsi” tarixi Zəfərimizdə əhəmiyyətli rol oynayan amillər sırasında xüsusi yer alan iqtisadi və siyasi müstəqilliyimizin daha da möhkəmlənməsində mühüm rol oynadı. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri geniş vüsət alıb. Yeni infrastruktur layihələri uğurla icra edilir. Yeni avtomobil, dəmir və hava yolları çəkilir. Bu yollar bizi azad Qarabağa, azad Şərqi Zəngəzura aparır.
Çıxışlarda Ulu Öndərin müəllifi olduğu, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyasının qarşıdakı illərdə Azərbaycana daha böyük uğurlar bəxş edəcəyi vurğulanıb.