ETSN-də atmosfer havasının mühafizəsi sahəsində mövcud problemlər müzakirə edilmişdir
Bakı, 28 avqust (AZƏRTAC). Avqustun 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) “Atmosfer havasının mühafizəsi sahəsində mövcud problemlər və onların həlli yolları” mövzusunda dəyirmi masa keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə atmosfer havasının mühafizəsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş müzakirələr aparılmışdır. Magistral avtomobil yollarının ətrafında və digər ərazilərdə yaşıllıq sahələrinin artırılması, meşə ilə örtülü ərazilərin miqyasının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin atmosfer havasının mühafizəsi sahəsində mühüm əhəmiyyət daşıdığı xüsusi vurğulanmışdır.
Görüşdə tullantıların azaldılması istiqamətində konkret tədbirlərin həyata keçirilməsi, istilik effekti yaradan qazların tullantılarının azaldılması, həmçinin alternativ enerji sektorunun inkişafının prioritet istiqamət kimi seçilməsi barədə fikirlər səslənmişdir.
Eyni zamanda, son illərdə nəqliyyat vasitələrinin sayının kəskin dərəcədə artması və tikinti sektorunun inkişafı nəticəsində atmosfer havasının daha çox çirklənməyə məruz qalması müzakirə mövzusu olmuşdur. Hər il keçirilən “Təmiz hava” aylığı çərçivəsində nəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin normalara uyğunluğunun ölçülməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi xüsusi qeyd edilmişdir.
Tədbirdə atmosfer havasının mühafizəsi sahəsində mövcud problemlərin aradan qaldırılması məqsədi ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin zəruriliyi bildirilmiş, dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin bu sahədə rolunun, əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanmışdır.