ETSN-də su ehtiyatlarından səmərəli istifadə ilə bağlı müzakirələr aparılmışdır
Bakı, 31 iyul (AZƏRTAC). İyulun 31-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) “Su ehtiyatlarından səmərəli istifadə və onların tullantılardan mühafizəsi” mövzusunda dəyirmi masa keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dövlət qurumlarının qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə əhalinin içməli su ilə təminatı, tullantı və lay sularının idarə olunması, su ehtiyatlarının tullantılardan mühafizəsi ilə bağlı müzakirələr aparılmışdır.
Azərbaycanın su ehtiyatlarının məhdud olması və onun əsas hissəsinin ölkə hüdudlarından kənarda formalaşdığını nəzərə alaraq, su ehtiyatlarından səmərəli istifadə və tullantılardan mühafizəsinin zəruriliyi qeyd olunmuşdur.
Tədbirdə ölkə əhalisinin təhlükəsiz içməli su ilə təmin edilməsi üçün boru kəmərlərinin çəkilişi və təmizləyici qurğuların qurulması üzrə irimiqyaslı layihələrin icra edildiyi, eyni zamanda, mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, yeni kanalizasiya şəbəkələrinin çəkilməsi, mövcud tullantı sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə tədbirlərin həyata keçirilməsi barədə ətraflı məlumat verilmişdir.
Eyni zamanda, yaşayış məntəqələrinin kanalizasiya şəbəkəsi ilə tam təmin olunması, çirkab sutəmizləyici qurğuların quraşdırılması, su ehtiyatlarından səmərəli istifadə sahəsində çatışmazlıqların mövcudluğu vurğulanmışdır.
Tədbirdə, həmçinin su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, sudan rasional istifadə, tullantı sularının idarə olunması sahəsində mövcud problemlərin aradan qaldırılması məqsədi ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi qeyd edilmiş, bu sahədə qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin rolunun artırılmasının, əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanmışdır.