ETSN zavod ərazisini zibilxanaya çevirənləri cərimələdi
Bakı, 15 oktyabr, AZƏRTAC
“Bakı tikinti materialları” ASC-nin kərpic istehsalı zavodu ərazisinin zibilxanaya çevrilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olmuş şikayət yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı zavodun hazırda fəaliyyət göstərmədiyi, ilin əvvəlindən hazırkı dövrədək üç ay fasilələrlə işlədiyi müəyyən edilib. Baxış zamanı zavodun ərazisinin ayrı-ayrı yerlərində məişət tullantılarının pərakəndə şəkildə qalaqlanması və yandırılması halları müşahidə olunub. Faktla əlaqədar nazirliyin əməkdaşları tərəfindən qanunamüvafiq qaydada protokol tərtib olunaraq “Bakı tikinti materialları” ASC-nin nümayəndəsi vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə edilib.
Eyni zamanda, tullantıları zavodun ərazisinə daşıyan yük maşınlarının sürücüləri ETSN-in əməkdaşları tərəfindən saxlanılıb, lakin qanun pozucuları sənəd təqdim etmədən ərazini tərk ediblər. Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsinə göndərilmiş sorğu nəticəsində həmin sürücülərin şəxsiyyəti müəyyən edilərək barələrində qanunamüvafiq protokol tərtib olunub. Belə ki, 2 qanun pozucusu hüquqi şəxs qismində hər biri 9000 manat, 24 nəfər isə fiziki şəxs qismində hər biri 800 manat olmaqla ümumilikdə 37200 manat məbləğində cərimə edilib.
Bununla yanaşı, zavod ərazisində tikinti materiallarının satışı bazarının qanunsuz fəaliyyət göstərdiyi də məlum olub. Araşdırma zamanı bazarın fəaliyyət göstərməsi üçün Qaraçuxur bələdiyyəsi ilə fiziki şəxs arasında bağlanmış müqavilənin müddətinin 2014-cü ilin sonunda bitdiyi müəyyən edilib. Bununla əlaqədar sözügedən bazarın başqa əraziyə köçürülməsi barədə ETSN tərəfindən Suraxanı Rayon İcra Hakimiyyətinə, “Bakı tikinti materialları” ASC-yə və Qaraçuxur bələdiyyəsinə məktub göndərilib.