“EUXƏBƏR” QƏZETİNİN TƏSİS EDİLMƏSİNİN İKİ İLLİYİ QEYD OLUNMUŞDUR
Belçikadakı diaspor təşkilatının sədri, “EUXəbər” qəzetinin təsisçisi və baş redaktoru Bülənt Gürçam 22 iyul - Milli Mətbuat günü münasibətilə iştirakçıları təbrik etmiş, rəhbəri olduğu qurumun son vaxtlar gördüyü işlər, qarşıda duran vəzifələr haqqında məlumat vermişdir. O, milli mətbuatımızda ilk diaspor qəzeti olan “EUXəbər”in işıq üzü gördüyü ilk gündən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına, xarici ölkələrdə yaşayan soydaşlarımızın vahid təşkilat halında birləşməsinə, ölkəmizin Avropa və dünyaya inteqrasiyasına xidmət edən bir mətbu orqanına çevrildiyini diqqətə çatdırmışdır. Qəzetdə ingilis və fransız dillərində “Karabakh”(Qarabağ) adlı səhifə təşkil edildiyi və burada erməni işğalı altında olan Azərbaycan torpaqlarının, şəhər və qəsəbələrinin, ərazilərin ümumi sahəsi, adları və işğal tarixləri barədə konkret məlumatlar dərc olunduğu bildirilmişdir.
Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin bölmə müdiri Qafar Əliyev, Böyük Britaniyanın Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi, Almaniyanın paytaxtı Berlin şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi və başqaları ümummilli lider Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımızla əlaqələrin inkişafı və hazırkı yüksək səviyyəyə çatması istiqamətində xidmətlərini vurğulamışlar.
Sonda Belçikadakı diasporumuzun və “EUXəbər” qəzetinin fəaliyyətinə həsr olunmuş film göstərilmişdir.