FAO: kənd təsərrüfatı əvvəllər heç vaxt təbii fəlakətlərin belə güclü təsirindən əziyyət çəkməmişdir
Bakı, 19 mart, AZƏRTAC
Yanğınlar, qasırğalar, çəyirtkə hücumları, daşqınlar və zəlzələlər daxil olmaqla təbii fəlakətlər getdikcə daha şiddətli formada və daha tez-tez baş verir. Bunlar iqtisadiyyata və ilk növbədə kənd təsərrüfatına çox böyük ziyan vururlar. AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son məruzəsində deyilir.
FAO ekspertləri son on ildə 1970-80-ci illərdə olduğundan orta hesabla ildə üç dəfə çox təbii fəlakətin baş verdiyini qeyd edirlər. Bununla belə, bu fəlakətlər nəticəsində iqtisadi itkilərin 63 faizi kənd təsərrüfatının payına düşür.
Quraqlıq və aclıq bir çox insanı “iqlim qaçqını”na çevirir. Onlar yaşamaq və qidalanmaq hüquqlarının pozulması ilə bağlı şikayətlə məhkəməyə müraciət edə bilərlər.
Məruzədə deyilir ki, tarixdə heç vaxt əkin-ərzaq sistemləri bu günə qədər görünməmiş bir çox yeni təhdid, o cümlədən böyük yanğınlar, ekstremal hava hadisələri, səhra çəyirtkəsinin miqyaslı hücumları və COVID-19 pandemiyası kimi yeni bioloji təhdidlərlə qarşılaşmamışdı.
2008-2018-ci illər dövründə inkişaf etməkdə olan ölkələrdə bitkiçilik və heyvandarlıq məhsullarının itkisi şəklində kənd təsərrüfatı sektoruna vurulmuş iqtisadi ziyan 108 milyard dolları keçib.
Son on ildə, ümumi iqtisadi ziyan müvafiq olaraq 49 və 30 milyard dollar təşkil edən Asiya və Afrika ölkələri daha çox zərər çəkiblər.
Kənd təsərrüfatına ən çox ziyan quraqlıq vurur, ardından sel, fırtına, çəyirtkə, xəstəliklər və meşə yanğınları kimi zərərvericilər gəlir.
Ən az inkişaf etmiş, aşağı və orta gəlirli ölkələrdə bitkiçilik və heyvandarlıqda itkilərinin 34 faizindən çoxu quraqlığın payına düşür.
FAO ekspertləri, fəlakətlərin nəticələrinin iqtisadi itkilərin çərçivəsindən çıxdığını və bütövlükdə qida sistemi üçün ciddi təhlükə olduğunu hesab edirlər. Misal üçün, 2008-2018-ci illərdə ən az inkişaf etmiş, aşağı və orta gəlirli ölkələrdə bitkiçilik və heyvandarlıqda istehsal itkiləri kalori ilə hesablanaraq ildə 6.9 trilyon kilokalori olaraq qiymətləndirilir. Bu, ildə yeddi milyon yetkin yaşında olan insanların itirdiyi kalori sayıdır.
Məruzənin müəllifləri hökumətləri xarici təsirlərə daha davamlı olacaq kənd təsərrüfatının inkişafına və fəlakət risklərinin azaldılması layihələrinə investisiya qoymağa çağırır.