Festivalın voleybol yarışlarının ilk görüşlərində Rusiyanın kişi və qadın komandaları qələbə qazanıblar
Bakı, 23 iyul, AZƏRTAC
İyulun 23-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçuların mübarizəsinin ikinci günündə ilk görüşlər yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən kişi voleybolçuların yarışında birinci görüşdə A qrupundakı Rusiya və Almaniya yığmaları üz-üzə gəliblər. Oyunda Rusiya voleybolçuları rəqiblərini hər üç setdə (25:13, 25:20, 25:15) asanlıqla məğlub edərək festivalda ikinci qələbələrini qazanaraq xallarının sayını altıya çatdırıblar.
Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qadınların mübarizəsində isə A qrupunda yer alan Bolqarıstan və Rusiya milliləri qarşılaşıblar. Bu görüşdə də Rusiya voleybolçuları qalib gəliblər - 3:0 (25:19, 25:19, 25:23). Xallarının sayını altıya çatdıran rusiyalı voleybolçular qrupda liderliklərini möhkəmləndiriblər.