FHN-in qurumlarında və regional mərkəzlərində Milli Qurtuluş Günü qeyd edilib
Bakı, 14 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumlarında və regional mərkəzlərində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirlərdə, əvvəlcə şəxsi heyət tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla anılıb.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə 15 iyun 1993-cü il ərəfəsində cərəyan edən hadisələr barədə ətraflı məlumat verilib, dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs olunub. Qeyd edilib ki, Ümummilli Lider 1993-cü ilin iyun ayında sonsuz məhəbbətlə sevdiyi xalqının çağırışına səs verdi və həyatını riskə ataraq ölkəmizi parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, dövlət müstəqilliyimizi qorudu və möhkəmləndirdi. Məhz Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasi kursun Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edən dövlətimiz regionun liderinə, dünya birliyinin nüfuzlu üzvünə çevrilib.
Çıxışlardan sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş sənədli film və videoçarx nümayiş etdirilib.