FHN-in strukturlarında Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbirlər keçirilib
Bakı, 8 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional mərkəzləri və qurumlarında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlərdə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirlərdə Ümummilli Liderin mənalı həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilib. Həmçinin bildirilib ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin təməlini qoyub və bununla da Ümummilli Liderin adı milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixinin böyük bir hissəsi, nəhəng şəxsiyyəti olduğu diqqətə çatdırılıb.
Qeyd edilib ki, mütərəqqi Heydər Əliyev siyasi kursunun mahir davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan dünya dövlətləri arasında özünəməxsus yer tutmaqla qüdrətli bir dövlətə çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günə əbədi və əzəli torpaqlarımızı işğalçılardan azad etməsi, eləcə də 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri bunun real nümunəsidir. Ulu Öndərin əsasını qoyduğu uğurlu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə zamanın çağırışlarına uyğun davam və inkişaf etdirilir.
Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.