FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla on nəfər xilas edilib VİDEO
Bakı, 29 iyun, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 115 halda yanğına çıxış, 9 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 10 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik sahələrində çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib. Həmçinin Şüvəlan qəsəbəsində dənizdə qeyri-çimərlik ərazidə batan 1999-cu il təvəllüdlü Xəlilov Rəşad Habil oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində tədbirlər davam etdirilir.