Fibromialgiyaya daha çox oturaq həyat tərzi keçirənlərdə rast gəlinir
Bakı, 29 iyun, AZƏRTAC
Yay aylarında tez-tez başağrısı, yuxusuzluq və yorğunluq kimi şikayətlər yaranır. Mütəxəssislər deyirlər ki, bunun səbəbi xalq arasında “qulunc” adlandırılan fibromialgiyadır. Fibromialgiyaya daha çox oturaq həyat tərzi keçirənlərdə rast gəlinir.
Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova AZƏRTAC-a deyib: “Oturaq həyat tərzi keçirən və kondisioner altında işləyənlərin çoxu gün işığından uzaq olurlar. Nəticədə onlarda D vitamini çatışmazlığı əmələ gəlir və xroniki yorğunluğu olanlarda fibromialgiyalara meyillik artır”.
D vitamini çatışmazlığını aradan qaldırmaq üçün ilk növbədə, düzgün qidalanma rejiminə əməl etmək məsləhət görülür: “D vitamini ilə zəngin qida məhsulları balıq və balıq məhsulları, qırmızı və qara kürü, yumurtanın sarısı, göbələk, toyuq ciyəri, portağal, cəfəri, süd və süd məhsullarıdır. Süd əlavə edilmiş kartof püresi orqanizmin D vitamininə olan gündəlik tələbatını ödəyir. Ağartı məhsullarının tərkibində də D vitamini var”, - deyə həkim-terapevt bildirib.
İldə iki dəfə orqanizmdə D vitamininin səviyyəsini yoxlamaq tövsiyə olunur. Həddindən artıq vitamin qəbulu da həyati təhlükə yarada bilər. Ona görə də profilaktik tədbirləri mütəxəssis məsləhəti əsasında həyata keçirmək lazımdır.