FİKRƏT SİDEİFZADƏ: RƏQİBLƏRİMİZİN ƏKSƏRİYYƏTİ DÜNYA MİQYASINDA TANINAN GÜCLÜ ŞAHMATÇILARDIR
AZƏRTAC xəbər verir ki, Bakıda qadınlar arasında keçirilən beynəlxalq şahmat turnirinin 4 turu arxada qalmışdır. Təəssüf ki, Azərbaycan şahmatçıları ilk turlardan başlayaraq uğursuz çıxış edirlər.
Müxbirimiz şahmat üzrə Azərbaycan yığmasının baş məşqçisi Fikrət Sideifzadə ilə görüşmüş, uğursuzluğun səbəbini öyrənməyə çalışmışdır.
- Azərbaycanın qadınlardan ibarət yığma komandası üzvlərinin beynəlxalq şahmat turnirində zəif nəticələr göstərməsini nə ilə izah edərdiniz?
- Əvvəlcə qeyd edim ki, bizim şahmatçılar turnir iştirakçılarının tərkibinə, tituluna və əmsalına görə rəqiblərindən geridə qalırlar. Ona görə də müəyyən mənada bu nəticələri gözləyirdik.
Şahmatçılarımızdan Firuzə Vəlixanlı və İlahə Qədimova kifayət qədər təcrübəyə malikdirlər. Lakin bu fikri Nərgiz Umudovaya şamil etmək olmur. O, belə bir mötəbər beynəlxalq turnirə psixoloji baxımdan hazırlıqlı deyil. Hesab edirəm ki, sonrakı turlarda qızlarımız turnir vəziyyətlərini nisbətən düzəldəcəklər. Lakin yuxarıda qeyd etdiyim kimi, şahmatçılarımızdan yüksək nəticələr gözləmirəm. Çünki rəqiblərimizin əksəriyyəti dünya miqyasında tanınan güclü şahmatçılardır.
- Əslində hər bir idmançı yarışqabağı qarşısına müəyyən bir məqsəd qoymalıdır…
- Təbii ki, bu belədir. Bununla belə, gəlin unutmayaq ki, hər bir turnirdə gözlənilməz hadisələr baş verə bilər. Zənnimcə, turnirdə əlli faizlik nəticə qızlarımız üçün yaxşı göstərici sayılmalıdır.
- Ölkəmizdə gənc və perspektivli şahmatçıların yetişdirilməsi istiqamətində hansı işlər görülür?
- Şahmatçılar arasında perspektivli gənclərimiz çoxdur. Məsələn, keçən il Avropa və dünya çempionatlarından 9 medalla qayıtmışıq. Qızlarımızdan Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, oğlanlardan Vasif Durarbəyli, Nicat Abbasov, Ülvi Bacarani və İlqar Rəsulov beynəlxalq yarışlarda yüksək yerlər tutmuşlar. Bu gənclər Azərbaycan şahmatının gələcəyidir. İnanırıq ki, onlar dünyanın ən güclüləri sırasında yer alan Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov kimi idmançıların layiqli davamçıları olacaqlar.