FİLMLƏRİN DÖVLƏT REYESTRİNDƏ QEYDİYYATA ALINMASINA HƏSR OLUNMUŞ MƏBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Tədbiri nazirliyin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov açaraq bildirmişdir ki, indiki həyatımızı video, SD, DVD və zamana uyğun belə daşıyıcılarsız təsəvvür etmək mümkünsüzdür. Amma çox az adama məlumdur ki, onların yayımı və nümayişi müvafiq qanunlarla tənzimlənir. Ölkə daxilində istehsal olunan, eləcə də respublikamıza gətirilən hər bir film istər video, istər disk şəklində, bədii, sənədli, musiqili əsər qismində kinoteatrlarda nümayiş etdirilirsə, onların hamısı dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Əks halda həmin filmlərin nümayişi “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qadağan edilir.
Şöbənin sektor müdirləri Yusif Şeyxov və Müşfiq Hətəmov filmlərin dövlət reyestrindən keçirilməsinin əhəmiyyətindən danışmışlar. Vurğulanmışdır ki, bu, hər şeydən əvvəl piratçılığın qarşısını almaq üçün ən yaxşı üsuldur. Filmlər Dövlət reyestr xidmətindən keçirilərkən üç yaş qrupu - kiçik yaşlı, 14-18 yaşlı, 18-dən yuxarı yaşlı tamaşaçılar -üzrə qeydiyyata götürülür, həmin hüquqi şəxsə yayım vəsiqəsi verilir. Bundan əlavə Filmlərin dövlət reyestri filmlərin ölkəyə qanunsuz gətirilməsinin qarşısını almaq üçün ən etibarlı vasitədir.
Konfransda kütləvi informasiya vasitələri nümayəndələrinin çoxsaylı sualları cavablandırılmışdır.