Finlandiya parlamentində Xocalı soyqırımının ildönümü ilə bağlı görüş keçirilib
Helsinki, 26 fevral, AZƏRTAC
Azərbaycanın Finlandiyadakı səfiri Adış Məmmədov Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar bu ölkənin parlamentində Finlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.
Qrupun sədri Eero Lehti parlamentlərarası əlaqələrin inkişafı və Finlandiya parlamentində Azərbaycanla bağlı aparılan işlərdən söhbət açıb.
Səfir Adış Məmmədov Finlandiya parlamentində, xüsusilə də siyasi partiyalar arasında Azərbaycanla bağlı təbliğat işinin aparılmasına böyük ehtiyac olduğunu, Azərbaycanın təkcə iqtisadi inkişafı və demokratik dövlət quruculuğu ilə bağlı uğurlarının deyil, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində ərazilərimizin 20 faizinin işğal olunması, 1 milyondan artıq qaçqın və köçkün problemi kimi məsələlərə də Finlandiya parlamentinin üzvlərinin nəzər yetirməsinin vacib olduğunu vurğulayıb.
Sonra Adış Məmmədov XX əsrin ən qanlı hadisələrindən biri olan erməni hərbi birləşmələrinin törətdikləri Xocalı qətliamı ilə bağlı çıxış edib. Səfir 1992-ci ilin 26 fevral tarixində erməni hərbi birləşmələrinin Azərbaycanın Xocalı şəhərini yer üzündən sildiyini, 613 günahsız, dinc Xocalı sakinini qəddarcasına qətlə yetirdiyini bildirib. O, beynəlxalq hüququn hakim olduğu bir dövrdə dünya ictimaiyyətinin gözü qarşısında belə bir qətliamın baş verməsini Ermənistanın dünya birliyinə meydan oxuması kimi qiymətləndirib. Dünyanın bir sıra ölkələrinin, o cümlədən ABŞ-ın 15-dən artıq ştatının parlamentlərinin Xocalı qətliamını soyqırımı kimi tanıdığını bildirən A.Məmmədov Finlandiya parlamentinin də Avropanın təməl prinsiplərinə söykənərək Xocalı soyqırımı ilə bağlı müzakirələr keçirməsinin arzuedilən olduğunu qeyd edib və bu işdə parlamentlərarası dostluq qrupunun yardımçı olmasını xahiş edib.
Sonda A.Məmmədov Xocalı soyqırımı ilə bağlı bu ölkədəki Azərbaycan səfirliyi tərəfindən hazırlanmış məlumat broşürləri və faciəni video-material şəkilində özündə ehtiva edən diski Parlamentlərarası dostluq qrupunun sədri Eero Lehtiyə təqdim etdi.
Qeyd edək ki, görüşdə Finlandiyadakı Azərbaycan diasporunun fəalları Vasif Muradlı və Arzu Oqtay da iştirak etmişlər.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki