Finlandiyadakı soydaşlarımız “Oxçuçay fəlakəti” ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib
Bakı, 3 iyul, AZƏRTAC
Finlandiyada fəaliyyət göstərən Azər-Türk Gənclər Təşkilatının sədri, Skandinaviya Azərbaycanlılarının Koordinasiya şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova ölkəmizin Zəngilan rayonundan keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə “Oxçuçay fəlakəti”nin Finlandiyada yaşayan azərbaycanlı icmasını çox narahat etdiyi bildirilib. “Əslən azərbaycanlı olan fin kimi sizdən kömək istəyirəm. Almaniyanın "Cronimet" şirkəti ətraf mühitin qorunması üzrə tədbirlər həyata keçirməlidir. Həmin şirkət erməniləri həyata keçirdikləri ekoloji cinayətlərə son qoymağa təhrik etməlidir", - deyə müraciətdə qeyd olunub.
Ermənistanın Zəngəzur mis-molibden kombinatının ilkin təmizləmə işləri aparmadan istehsalat tullantılarını birbaşa çaya buraxması, ekoloji standartlara riayət etmədiyi diqqətə çatdırılıb. Həmçinin bu kombinatın səhmlərinin böyük hissəsinin Almaniyanın "Cronimet" şirkətinə məxsus olması və Ermənistan tərəfinin bu problemin mövcudluğunu etiraf etdiyi də vurğulanıb.
Soydaşımız xatırladıb ki, söhbət hər birimizin evi olan planetimizdən və gələcək nəsillərin sağlamlığından gedir. Buna görə də beynəlxalq ictimaiyyət və təşkilatlar dərhal məsələyə müdaxilə edərək qətiyyətli addımlar atmalıdır.
Qeyd edək ki, Ülviyyə Cabbarova bu problemin müzakirə olunması məqsədilə "Cronimet" şirkətinin Finlandiyadakı nümayəndəliyinə də müraciət ünvanlayıb.