Fizika İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinin ildönümü və Anım Günü münasibətilə tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbirdə institutun baş direktoru akademik Arif Həşimov Vətən müharibəsinin Azərbaycan tarixindəki həlledici rolundan danışaraq, xalqımızın qəhrəman övladlarının şücaət göstərdiyini vurğulayıb.
Akademik daha sonra 44 günlük Vətən müharibəsinin ölkəmizin dövlətçilik tarixində yeni bir mərhələ açdığını və bu Qələbənin əldə olunmasında xalqın birliyi, ordumuzun gücü və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasətinin mühüm amil olduğunu xüsusi qeyd edib.
“Fizika İnstitutu da elmi potensialını ölkəmizin inkişafına, elmi-texnoloji tərəqqisinə yönəltmək əzmindədir. Elmimizin hər bir uğuru, eyni zamanda, şəhidlərimizin bizə əmanət etdiyi Vətənə xidmət deməkdir”, - deyə akademik Arif Həşimov qeyd edib.
Sonda AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva və fizika-riyaziyyat elmləri doktoru professor Adilə Abasova çıxış edərək bir daha bütün şəhidlərə Allahdan rəhmət diləyib, onların xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını vurğulayıblar.
Tədbirdə Vətən müharibəsi dövründə əldə edilmiş tarixi nailiyyətlərə dair videoçarxlar nümayiş etdirilib.