FİZİKİ CƏHƏTDƏN ƏLİL MƏKTƏBLİLƏRƏ MADDİ YARDIM GÖSTƏRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillərin Sosial Müdafiəsi Baş İdarəsi Bilik günü münasibətilə Sabunçu rayonundakı 252 nömrəli orta məktəbdə tədbir keçirmişdir.
Tədbirdə çıxış edən Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin rəisi İbrahim Heydərov bildirmişdir ki, təmsil etdiyi qurum tərəfindən hər il ənənəvi olaraq tərkibində iki və daha artıq əlil olan məktəbli ailələrinə maddi yardım göstərilir. Ölkəmizdə 1381 ailədə 3 minə yaxın fiziki qüsurlu şagird vardır. Biz bu yardımlarla həmin şagirdlərin dərs ləvazimatı almalarına qismən də olsa kömək edirik.
Natiq vurğulamışdır ki, ƏƏSMN tərəfindən əlil insanların müalicəsi, sosial problemlərinin həlli və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. Nazirliyin köməkliyi ilə bu günədək 137 əlil xaricdə, 105 nəfəri isə ölkə daxilində müalicə olunmuşdur. Belə insanların reabilitasiyasının gücləndirilməsi istiqamətində də ardıcıl işlər görülməkdədir. Hazırda bölgələrdə 12 reabilitasiya mərkəzi fəaliyyət göstərir və cari ilin sonunadək Yevlax və Xaçmazda yeni belə mərkəzlər istifadəyə veriləcəkdir.
Əlillərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə toxunan İbrahim Heydərov demişdir ki, yaxın vaxtlarda belə insanlar üçün ölkənin müxtəlif bölgələrində 19 yaşayış binası istifadəyə veriləcəkdir. Ümumilikdə 2008-ci ilin sonunadək 400-ə yaxın əlil və şəhid ailəsi evlə təmin ediləcəkdir.
Tədbirdə çıxış edən digər natiqlər Prezident İlham Əliyevin əlillərin maddi rifah halının yaxşılaşdırılmasına xidmət edən müvafiq sərəncamlarını yüksək qiymətləndirmişlər.