FOND HESABAT VERMİŞDİR
Fonddan AZƏRTAC-a bildirmişlər ki, iclasda fondun yaradılmasından keçən müddət ərzində görülmüş işlər, qarşıda duran vəzifələr müzakirə edilmişdir.
İqtisadi inkişaf naziri, Himayəçilər Şurasının sədri Fərhad Əliyev çıxışında demişdir ki, Azərbaycanda investisiya mühitini yaxşılaşdırmaq yolu ilə qeyri-neft sektorunun inkişafı, ölkə iqtisadiyyatına sərmayə, müasir texnologiya, idarəetmə təcrübəsinin cəlb edilməsi, rəqabət qabiliyyətli məhsul istehsalına nail olunması ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi iqtisadi strategiyanın ən mühüm istiqamətlərindən biridir. İnvestisiyaların Təşviqi və Məsləhət Fondu da həmin vəzifələrin səmərəli şəkildə həyata keçirilməsi məqsədi ilə yaradılmışdır. Aparılan iqtisadi islahatlar ölkədə əlverişli investisiya mühiti formalaşdırmış, iqtisadiyyatımıza sərmayəçilərin marağı daha da artmışdır.
Fondun prezidenti Mikayıl Cabbarovun ötən müddətdə görülmüş işlər barədə hesabatı dinlənilmişdir. O bildirmişdir ki, xarici iş adamları ilə əlaqələr inkişaf etdirilmiş, təlimat-metodiki xarakterli sənədlər, sərmayəçilər üçün məlumat kitabçaları hazırlanmış, Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurası ilə birgə fəaliyyət genişləndirilmişdir.
Almaniyanın Azərbaycandakı səfiri doktor Klaus Qrevlix və başqaları ölkə iqtisadiyyatına xarici investisiyanın cəlb olunmasında fondun rolunu yüksək qiymətləndirmişlər.
İclasda təşkilati məsələlər də müzakirə olunmuş, Fransanın Bakıdakı səfirliyi, Bakı Fond Birjası, “Ataholdinq” ASC, “Azərcell Telekom” və “Bakcell Telekom” birgə müəssisələri Fondun Himayəçilər Şurasına üzv qəbul edilmişlər.