FORUM İŞTİRAKÇILARI ÜMUMMİLLİ LİDERHEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏRİN ABİDƏSİNİ ZİYARƏT ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Bakıda keçiriləcək ikinci Azərbaycan-Rusiya İqtisadi Forumunda iştirak etmək üçün ölkəmizə gəlmiş nümayəndələr fevralın 21-də Fəxri xiyabana gedərək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, ulu öndərin məzarı önünə əklil qoymuşlar.
Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad etmiş, məzarı üzərinə gül dəstəsi düzmüşlər.
Forum iştirakçıları daha sonra Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğullarımızın xatirəsini anmış, məzarları üzərinə tər qərənfillər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.