“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilən şəxslər təlimlərə cəlb edilib
Bakı, 20 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən “Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilən növbəti könüllülər təlimlərə cəlb edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimlərdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin mütəxəssisləri tərəfindən könüllülərə yanğın taktikası və onun vəzifələri, yanma prosesi, insanların xilas edilməsi və özünüxilasetmə üsulları, nəfəs orqanlarının fərdi mühafizə vasitələri, yanğın-texniki alətlərlə işləyən zaman texniki təhlükəsizlik qaydaları barədə məlumatlar verilib və praktik tapşırıqlar yerinə yetirilib.
Təlimlər çərçivəsində proqram iştirakçılarına fövqəladə hallar zamanı tətbiq edilən avadanlıqlardan istifadə qaydaları əyani şəkildə nümayiş olunub.