CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd edilib
Bakı, 15 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqı 16 dekabr - FHN işçilərinin peşə bayramı münasibətilə tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov tədbir iştirakçılarını peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Bildirilib ki, Prezident İlham Əliyevin 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən, hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Prezident İlham Əliyevin FHN-in yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının onun tərkibinə verilməsi, nazirliyin şəxsi heyətinin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamları, tapşırıq və tövsiyələri, eləcə də qurumun fəaliyyəti ilə bağlı bir sıra tədbirlərdə iştirakı bu sahəyə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.
Qeyd olunub ki, nazirliyin keçdiyi 17 illik uğurlu və səmərəli dövr FHN-in bundan sonra da baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında peşəkar fəaliyyətini uğurla davam etdirəcəyini deməyə əsas verir. FHN-in şəxsi heyəti həmişə olduğu kimi, bundan sonra da ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri daha yüksək keyfiyyətlə, operativ və sədaqətlə yerinə yetirəcək.
Sonda xidmətdə fərqlənən 43 əməkdaş FHN işçilərinin həmkarlar ittifaqı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. FHN yanında İctimai Şuranın bir qrup üzvü də təltif olunub.