Fövqəladə Hallar Nazirliyinin qurumları arasında voleybol çempionatı keçirilib
Bakı, 26 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 22-dən 26-dək Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubu və FHN işçilərinin həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə nazirliyin qurumları arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş voleybol üzrə çempionat keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionatın ilk üç günü FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) idman zalında, yarımfinal və final mərhələsi isə Azərbaycan Voleybol Federasiyasında təşkil olunub. Yarışda 150-yə yaxın idmançının təmsil olunduğu 13 komanda öz qüvvəsini sınayıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışın final görüşü Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğından Mühafizə Xidmətinin komandaları arasında oynanılıb. Rəqibini məğlub edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası birinci, Dövlət Yanğından Mühafizə Xidmətinin komandası ikinci, FHN-in Akademiyasını məğlub edən Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası isə üçüncü yerə layiq görülüb.
Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov yarışın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmasının əhəmiyyətindən danışıb, komandaları təbrik edib və onlara uğurlar arzulayıb.
Sonda qalib komandalara kubok, medallar, diplomlar və qiymətli hədiyyələr təqdim edilib.
Qeyd edək ki, yarışın baş hakimi Səbuhi Əliyev olub.