Fövqəladə iqlim şəraiti vaksin çatışmazlığı fonunda vəba epidemiyasını şiddətləndirir
Madrid, 10 dekabr, AZƏRTAC
Hazırda dünya vəba əleyhinə vaksin yaranandan bəri səngimiş vəbanın yenidən yayılması ilə bağlı fövqəladə vəziyyətlə üz-üzədir.
AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadla xəbər verir ki, təkcə 2022-ci ildə dünyanın 30 ölkəsində vəba qeydə alınıb, bu xəstəlikdən ölənlərin sayı üç dəfə artıb. Bunun səbəbləri çoxdur. Lakin tədqiqatçı və ekspertlərin ortaq fikirləri belədir ki, iqlim dəyişikləri səbəbindən temperaturun qlobal artması məcburi miqrasiya və münaqişələrlə yanaşı, vəba hallarının çoxalmasında da əsaslı rol oynayır. Quraqlıqlar suyun mənbələrini azaldır və çirklənmə riskini artırır, daşqınlar isə drenaj sistemlərini dağıdır ki, bu da infeksiyanın yayılmasına şərait yaradır. Bütün bunlar vaksin çatışmazlığı fonunda baş verir.
ÜST-nin məlumatına görə, hazırda vəba dünyanın daha az inkişaf edən, sanitariya və gigiyena sistemlərinin daha etibarsız olduğu 47 ölkəsində endemikdir. Bu xəstəlik cəmi 4 saat ərzində insanı öldürə bilər.
Haiti vəbadan ən çox əziyyət çəkən ölkələrdən biridir. Bu ölkədə vəba sentyabrın ortalarından baş qaldırıb, yüzlərlə insan ölüb, xüsusən də paytaxt Port-o-Prensdə 10 minə yaxın yoluxma qeydə alınıb.
Suriyada son 15 ildə vəba qeydə alınmamışdı, lakin sentyabrda 13 min yoluxma və 60 ölüm halı müşahidə olunub.
Malavidə vəba ölkənin 29 dairəsində yayılıb, nəticədə 10300 yoluxma və 300 ölüm halı qeydə alınıb. Xəstəliyin baş qaldırmasına səbəb bu ilin yanvar və martında “Ana” qasırğası və “Qombe” siklonu olub. Təbiət hadisəsi geniş daşqınlar və minlərlə insanın təxliyəsi ilə müşayiət olunub. Bu insanların hazırda suya, sanitariyaya və bərabər gigiyena şəraitinə əlçatanlığı məhduddur.
Livan, Keniya, Nigeriya və Banqladeş də vəba epidemiyasının aktivləşdiyi ölkələrdəndir.
Praktiki olaraq, vəba əleyhinə vaksinlərin bütün istehsalı Hindistan və Cənubi Koreyada yerləşən iki zavodda cəmləşib. Məhsulun yarıdan çoxu Afrikanın üç ölkəsinə - Efiopiya, Nigeriya və Konqo Demokratik Respublikasına göndərilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid