Fransa Hesablama Palatası: Dövlət maliyyəsinin vəziyyəti narahatlıq doğurur
Paris, 15 iyul, AZƏRTAC
Fransanın Hesablama Palatası yeni dərc olunmuş hesabatında Qabriel Attal hökumətinin ortamüddətli proqnozlarını sərt şəkildə tənqid edib, həddən artıq optimist artım fərziyyələrinə əsaslanan qeyri-real məqsədləri pisləyib.
AZƏRTAC xəbər verir ki, Hesablama Palatası hesabatında dövlət maliyyəsinin narahatedici vəziyyətdə olması və 2027-ci ilədək bu vəziyyətdən çıxmaq üçün hökumətin müəyyənləşdirdiyi istiqamətin qeyri-real məqsədlərə əsaslanması ilə bağlı xəbərdarlıq edib. Hesabatda, həmçinin düzgün idarə edilməmiş səhiyyə böhranı, inflyasiya və növbədənkənar parlament seçkilərindən sonrakı qeyri-müəyyənlik ilə əlaqədar dövlət maliyyəsinin narahatedici vəziyyətdə olduğu vurğulanıb.
Hesabatda Attal hökumətinin aprel ayında sabitlik proqramında (PSTAB) Avropa Komissiyasına təfərrüatlı şəkildə təqdim etdiyi ortamüddətli proqnozlar ciddi şəkildə mühakimə edilib. Bildirilib ki, 2027-ci ildə Fransanın dövlət borcunun kəsiri 112 faiz olacaq və bu, 2023-cü ildəkindən (109,9%) daha çoxdur.
Hesablama Palatası Attal hökumətinin 2025-ci il dövlət büdcəsinin kəsir və borclar baxımından tərtib edilmiş trayektoriyasının etibarlılığının sual altında olduğunu, qeyri-real məqsədlərin həddən artıq optimist artım fərziyyələrinə əsaslandığını vurğulayaraq onun məqbul olmadığını bildirib.